Bakı. Turan Şakir-APA. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çəkilən “Motivlər” almanaxına daxil olan 6 filmdən birinin çəkilişləri artıq başa çatıb. Studiyanın beynəlxalq əlaqələr üzrə mütəxəssisi Orxan Hüseynovun APA-ya verdiyi məlumata görə, rejissoru Rüfət Həsənov olan “Bazar günü” qısametrajlı film artıq hazırdır. Çəkilişləri başa çatan filmin post-prodakşn işləri də tamamlanmaq üzrədir. O. Hüseynov onu da qeyd edib ki, almanaxa daxil olan ikinci film Anar Abbasovun “Qonşu qadın” filminin çəkilişlərinə hazırlıq prosesi başa çatıb: “Gələn həftədən etibarən bu filmin də çəkilişlərinə start verəcəyik”.
Qeyd edək ki, “Motivlər” almanaxına daxil olan qısametrajlı filmlərin rejissorları Amerika, Hollandiya, Rusiya, Avstriya kimi ölkələrdə yaşayan, təhsil alan azərbaycanlı rejissorlardır. Onlar C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının dəvəti ilə Azərbaycana gəlib.