Bakı. Gülnar Bəşirova - APA. “Sürrealizm bu gün” layihəsinin yeni sərgisi Portuqaliyada keçiriləcək.
APA-nın məlumatına görə, sərgidə Azərbaycanı rəssam Mehriban Əfəndi təmsil edəcək. O, 2010-cu ildən bəri dəfələrlə Avropada və xüsusən Portuqaliyada sürrealist cərəyanı yüksək səviyyədə təmsil edib.
“Sürrealizm bu gün” layihəsi Bissaya Barreto Fondunun sponsorluğu və bir çox Avropa şirkətlərinin dəstəyi ilə Portuqaliyanın məşhur sürrealist rəssamı Santiago Ribeiro tərəfindən həyata keçirilir. Layihənin məqsədi dünya üzərində müasir dövrdə yaşayıb-yaradan professional sürrealistləri bir araya gətirmək və onlara dəstək olmaqdır.
Bir neçə ay öncə bu sərgi Lissabon şəhərində açılıb, yeni sərgi isə Koimbra şəhərində yerləşən qədimi qəsr olan tarixi XII əsrdən başlayan Paco de Ego sarayında nümayiş etdiriləcək. Bu sərgi qalereyası ilk dəfə olaraq layihənin iştirakçılarının daimi məkanına çevriləcək. Səyahət edən bu sərgi layihəsi hər dəfə fərqli məkanlarda sərgilənəcək və geriyə - öz evi sayılan Paco de Ego qəsrinə qayıdacaq.
Qeyd edək ki, 30 ölkəni təmsil edən rəssamların iştirak edəcəyi sərgi iyunun 21-də baş tutacaq.