Bakı. Cavid Zeynallı – APA. Akademik Milli Dram Teatrında Hüseyn Cavidin “Topal Teymur” pyesi tamaşaya hazırlanır. Səhnə əsərinin quruluşçu rejissoru Mehriban Ələkbərzadənin APA-ya verdiyi məlumata görə, yeni tamaşanın premyerası oktyabr ayında – Hüseyn Cavidin 131 illiyində olacaq: “Əsər sonuncu dəfə 1926-cı ildə səhnəyə qoyulub. Sovet dövründə Turan ideyasına görə əsərin səhnə taleyinə qadağa qoyulmuşdu. Bu tamaşanı hazırlamaq mənim üçün hədsiz məsuliyyətli işdir. Bu səhnə əsəri vasitəsilə özümü, arzularımı ifadə edəcəyəm. “Teymur” mənim üçün sıradan bir tamaşa demək deyil”.
M. Ələkbərzadə bildirib ki, rejissor kimi əsərin bəzi hissələrinə özünəməxsus yozum verib, fərqli baxış bucağı göstərməyə çalışacaq: “Düzdür, əsərə toxunmamışam, amma bəzi motivlər var ki, onlardan mütləq istifadə edəcəyəm”.
Səhnə əsərində əsas rollarda Abbas Qəhrəmanov (Teymur) və Hikmət Rəhimov (Yıldırım) çıxış edəcəklər.