Baki – APA. “TRT Müzik” kanalının ən sevilən proqramlarından olan “Axşam Səfası” kollektivi Şəkidə keçiriləcək ənənəvi “İpək Yolu Beynəlxalq Musiqi Festivalı”nda çıxış edəcək. APA-nın xəbərinə görə, “Axşam Səfası” kollektivi mayın 1 də H. Əliyevin xatirəsinə həsr edilmiş “Bir Millət, iki Dövlət” adlı konsert proqramıyla Respublika Sarayında konsert vermişdi. Bu möhtəşəm konsertdən sonra ilk dəvət “Mədəni İrsin Qorunmasına Dəstək” İctimai Birliyindən gəlib. İctimai Birliyin, Bəstəkarlar İttifaqı və Şəki İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunacaq festivalın finalı iyulun 4-də Şəki şəhərinin Aşağı Karvansaray kompleksində keçiriləcək.
TRT Bakı təmsilçisi Yüksəl Dəyərcan konsert proqramının “AzTv”, “TRT Müzik” ve “TRT Avaz” kanalları vasitəsilə canlı yayımlanacağını və konsertdə Azərbaycanın xalq artisti Mələkxanım Əyyubova ilə yanaşı, sənətçilərdən Nurkan və Lalənin də iştirak edəcəyini bildirib.
Konsert iyunun 30-da saat 21.00-da canlı yayımlanacaq.