Bakı – APA. “Yarat!” Müasir İncəsənət Məkanı Parisin mərkəzində yerləşən Azərbaycan Mədəniyyəti Mərkəzində müasir Azərbaycan incəsənətinə həsr olunmuş “Home, sweet home” (“Doğma ev”) mövzusunda sərgi təşkil edib.
APA-nın “AzərTAc”a istinadən xəbərinə görə, “Yarat!”ın Azərbaycan incəsənəti ilə bağlı həyata keçirilən layihələrin davamı olaraq daimi tərəfdaşı Heydər Əliyev Fondu ilə birlikdə təşkil etdiyi sərgi fransızları Azərbaycanın zəngin rəssamlıq nümunələri və milli dəyərləri ilə yaxından tanış etmək və onlarda ölkəmiz barədə geniş təsəvvür yaratmaq məqsədi daşıyır.
Sərgidə 25 rəssamın 90 əsəri nümayiş etdirilir. Tamaşaçılar Leyla Əliyeva, Aida Mahmudova, Müseyib Əmirov, Vüqar Muradov, Sitarə İbrahimova, Altay Sadıqzadə, Fəxriyyə Məmmədova, Fidan Seyidova, Fərid Rəsulov və digərlərinin əsərləri ilə tanış olublar. Sərgidə Leyla Əliyevanın “Beyin”, Aida Mahmudovanın “Yenidən emal” (“Recycle”), Altay Sadıqzadənin “Pilləkənin başında”, Fərid Rəsulovun “Anonim” əsərləri xüsusi maraqla qarşılanıb.
Sərgini açan Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov maraqlı ekspozisiyanın Mədəniyyət Mərkəzində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə ilk dəfə nümayiş etdirildiyini diqqətə çatdırıb. Səfir deyib ki, Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin xarici ölkələrdə, o cümlədən Fransada tanıdılması istiqamətində müstəsna rolu var.
“Yarat!” Müasir İncəsənət Məkanının yaradıcısı Aida Mahmudova rəhbərlik etdiyi qurumun Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə təşkil olunan “Doğma ev” adlı sərgisinin fəaliyyəti barədə söz açıb, sərginin Azərbaycanın gənc və tanınmış rəssamlarının əsərlərini dünyaya çatdırmaq məqsədi daşıdığını, təşkilat tərəfindən bir neçə belə sərginin artıq Rusiya, İtaliya, Birləşmiş Ərəb Əmirliklərində təşkil edildiyini diqqətə çatdırıb. Aida Mahmudova bu sərginin Azərbaycanla Fransa arasında mövcud əlaqələrin inkişafına yeni töhfə verəcəyinə əminliyini vurğulayıb.
Sərginin açılışında iştirak edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ekspozisiya ilə yaxından tanış olub.
Sərgidə Fransanın dövlət və hökumət rəsmiləri, senatorlar və deputatlar, ictimaiyyətin nümayəndələri, Parisdə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, diaspor təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.