Bakı. Cavid Zeynalov - APA. “YUĞ” Dövlət Teatrında Xocalı soyqırımına həsr olunmuş “Mən Azərbaycanlıyam” adlı bədii qiraət müsabiqəsi keçirilib.
Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Hicaz Production”-ın təşkilatçılığı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Slavyan Universiteti Məktəb-Lisey Kompleksi və “YUĞ” Dövlət Teatrının dəstəyi ilə keçirilən müsabiqədə Xocalı soyqırımına həsr olunmuş şeirlər səsləndirilib. Müsabiqədə “YUĞ” Dövlət Teatrının sənətçiləri, əməkdar artistlər Fərhad İsrafilov, Sonaxanım Mikayılova, Yaqut Paşazadə, aktrisalar Təranə Ocaqverdiyeva, Zümrüd Qasımova, rejissor ƏR-Toğrul Kamalov və ADMİU-nun tələbəsi Əbdül Məcidlidən ibarət münsiflər heyəti Xocalı soyqırımına həsr olunmuş 3 ən yaxşı qiraətçini müəyyən edilib. 1-ci yerin qalibi Günəş Əliyeva, 2-ci yerin qalibi Röya İsayeva, 3-cü yerin qalibi isə Leylaxanım Atakişiyeva olublar. Qaliblər diplom və dəyərli hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, layihənin rəhbəri və ideya müəllifi Ayaz Məmmədovdur. Bu, “YUĞ” Dövlət Teatrında keçirilən sayca 4-cü müsabiqədir.