Bakı. Cavid Zeynalov - APA. Bu gün xalq artisti Flora Kərimovanın “Necə unudum səni” mahnısına çəkilən klipin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, “Temp” production tərəfindən ekranlaşdırılan yeni klipdə müğənninin illər əvvəl oxuduğu mahnı yeni remix variantda təqdim olunub. Klipin rejissoru Türkay Azəri, operatoru Vaqif Rəşidov, DJ-i Arif Flaşdır.
Yaradıcı heyət təqdimat mərasimində bildiriblər ki, tamaşaçıların ixtiyarına verilən klip “Temp” productionun üçüncü layihəsidir. Flora Kərimova “Necə unudum səni” mahnısını sənət taleyinin mərhələsi adlandırıb: “Bu mahnını yazdıranda qızım xəstə idi. Səsyazmaya gedəndə ürəyim onun yanında qalırdı. Mahnıda yanğı varsa, bilin ki, qızıma görə nigaran qalmağımdandır. Bu, məni sevdirən mahnıdır”.
Xalq artisti mahnılarını yeni tərzdə, ölçü-biçisiz oxuyan gənclərlə bağlı narahatlığını bildirib: “Burdan gənc müğənnilərə səslənirəm: mənim mahnılarımı oxuyun, buna etirazım yoxdur, amma öz bildiyiniz kimi korlamayın. Sizlərə yalvarıram, belə şeyləri görəndə o adamların üzünə vurun, qoy utansınlar. Məni həyatda pis oxunan mahnımdan savayı heç nə sındıra bilməz”.
Təqdimat mərasiminin sonunda “Necə unudum səni” mahnısının remix klipi media nümayəndələrinə təqdim olunub.