Bakı. Turan Şakir – APA. Sabah Şəkidə keçirilən "İpək Yolu" IV Beynəlxalq musiqi festivalının yekun konserti olacaq.
APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə iyunun 28-də başlanan festivalda bu günə kimi Türkiyə, Rusiya, Moldova, Ukrayna, Tacikistan, Qazaxıstan, Özbəkistan, Koreya Respublikası və ABŞ-dan musiqi kollektivləri konsert proqramları ilə çıxış edib.
Bu il festivalın açılış mərasimində Azərbaycan Dövlət Opera və Balet Teatrının kollektivi tərəfindən dahi bəstəkar Qara Qarayevin "Yeddi gözəl" baleti nümayiş olunub, Qazaxıstanın "Altınay", Belarusun "Xoroşki", Tacikistanın "Zebo" ansambllarının, Qırğızıstanın "Ak maral" Milli Akademik Rəqs Ansamblının, Moldovanın "Flueras", Özbəkistanın "Ofarin", Rusiyanın "Beryozka" rəqs kollektivlərinin, Ukraynanın "Banduraçılar" duetinin çıxışları nümayiş etdirilib, ABŞ-ın "Filligar" rok-qrupunun konserti nümayiş olunub. Bu gün isə axşam saatlarında xalq artisti Alim Qasımov və əməkdar artist Fərubqanə Qasımovanın iştirakı ilə muğam konserti təqdim ediləcək.
Qeyd edək ki, festivala iyulun 4-də ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş konsertlə yekun vurulacaq. Konsertdə Dövlət Xalq Çalğı Alətləri Orkestri, Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblı və Şəki Musiqi Kollecinin xor kollektivi və tanınmış muğam ifaçıları çıxış edəcək.