Bakı. Cavid Zeynalov - APA. Azərbaycan Televiziya və Radiosunun Musiqi Kollektivləri, Səs Yazma Evi Beynəlxalq Muğam Mərkəzi ilə birgə konsert proqramı keçirib.
APA-nın məlumatına görə, konsertdə çıxış edən Musiqi Kollektivlərinin bədii rəhbəri, Səs Yazma Evinin direktoru Ramil Qasımov ötən ildən etibarən bu layihənin ayda iki dəfə keçirildiyini deyib: “Layihəni keçirməkdə məqsəd peşəkar musiqilərin təbliği, milli-mənəvi dəyərlərimizi gənc nəslə təbliğ etməkdir”.
Vokalçı C.Cahangirov adına Xor kollektivi ilə Ramiz Mustafayevin “Küçəmizdən keçəndə sən”, Günay Mirzəyevanın “Sənə çatmaq üçün” romanslarını ifa edib.
Konsertdə müğənni Aynur İsgəndərli, Şəhla Ələkbərovanın rəhbərliyi ilə Xorun, 11 yaşlı Sübhan Məmmədzadənin, “Sevil” vokal instrumental ansamblının, Estrada Simfonik Orkestrinin “Bənd” qrupunun, Allahyar Vəzirovun xalq artisti Ramiz Quliyevlə və AzTv- nin solisti Kamilə Nəbiyeva ilə çıxışları təqdim olunub.