Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Musiqili Teatrında “Toya bir gün qalmış” adlı yeni tamaşa hazırlanır.
Teatrdan APA-ya verilən məlumata görə, Əli Səmədlinin “Ölüm hökmü” əsəri əsasında hazırlanan tamaşanın quruluşçu-rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.
Rejissor Ə. Əsgərov bildirib ki, əsər ötən əsrin 60-cı illərində yazılmasına baxmayaraq müasir günümüzdə də kifayət qədər aktualdır: “Dünya teatrları bu mövzuya bu gün müraciət etdikləri halda, Azərbaycan teatrları hələ illər öncə dəfələrlə bu əsəri tamaşaya qoyub. Əsərin motivində bir ailənin vəzifə, pul, maddi rifah naminə ailə başçısının ölüsündən belə öz mənfur məqsədləri üçün istifadə etməsi dayanır. Yalnız sonda bütün qara oyunlar gün işığına çıxır və qəhrəmanın dilindən tamaşaçıya “Mən doğru həyat yaşayırammı?” mesajı verilir”.
Əsas rollarda xalq artisti Afaq Bəşirqızı, əməkdar artistlər Novruz Qartal, Ələkbər Əliyev, aktyorlardan Gülcahan Salamova, Əliməmməd Novruzov, Gültac Əliyeva, Hüseyn Əlili, Ziyadxan Cəbrayılov, Ağaxan Şərifov, Rəsmiyyə Nurməmmədova və Möylə Mirzəyev iştirak edirlər.