Bakı. Xanım Nağıyeva - APA. Azərbaycan Prodüserlər Gildiyasının ssenaristlər arasında elan etdiyi “Geniş Baxış” ssenari müsabiqəsi başa çatıb.
APA-nın verdiyi məlumata görə, Azərbaycanda ilk dəfə olaraq qalib ssenarini prodüserlər özləri seçib. Müsabiqənin şərtlərinə görə, müsabiqənin qalibinə Prodüserlər Gildiyası tərəfindən bütün imkanlar yaradılacaq, film çəkmək şansı veriləcək.
“Azərbaycanfilm”in direktoru və Prodüserlər Gildiyasının rəhbəri Müşfiq Hətəmovun sözlərinə görə, müsabiqədə iştirak prodakşnların işləri Prodüserlər Gildiyasına üzv olan prodüser mərkəzlərinin rəhbərləri və mütəxəssisləri tərəfindən araşdırılaraq qiymət verilib və yekun rəyə görə, “Adari Films” prodakşn şirkətindən İradə Bağırzadə “Motivlər...” layihəsi ilə qalib elan olunub.
M.Hətəmov qeyd edib ki, müsabiqənin keçirilməsi müasir dövrümüzdə kino sahəsində mühüm yer tutan "prodüser kinosu" anlayışını ölkəmizdə tətbiq etmək və gənc prodüserlərin bu peşəyə dərindən yiyələnməsi üçün şərait yaratmaqdır.
“Motivlər...” ayihəsi 6 rejissorun çəkəcəyi 6 qısametrajlı filmdən ibarət kinoalmanaxdır. Layihə çərçivəsində əlavə olaraq daha 2 qısametrajlı film çəkilişi nəzərdə tutulur. Filmləri çəkmək üçün rejissor heyəti xaricdə yaşayan və kino təhsili alan azərbaycanlı rejissor və prodüserlər seçilib.