İstanbul. Mayis Əlizadə - APA. Azərbaycanlı plastik sənətlər ustası Sənan Eynullayev Antalya vilayəti Kəpəz bələdiyyəsinin sifarişi ilə nağıl, lətifə və roman qəhrəmanlarının heykəlləri üzərində çalışmalarını davam etdirir.
Bu barədə APA-ya məlumat verən Sənan Eynullayev deyib ki, Kəpəz rayonunun ən böyük parkında qoyulmaq üçün Qırmızı papaq, Sandrilla, Xoca Nəsrəddin, Don Kixot və Sanço Panso və s. (ümumi sayı 37 ədəd) heykəl üzərində çalışır.
Artıq bəzi heykəllərin qəlibləri çıxarılıb, onlar boyandıqdan sonra Kəpəz rayonunun ən böyük parkında qoyulacaq. 19 may - Gənclik və idman bayramı günü Kəpəz parkındakı heykəllərin açılış mərasimi olacaq.
Qeyd edək ki, Sənan Eynullayev müasir Azərbaycan incəsənətinin Türkiyədə ən çox tanınan ustasıdır. 1956-cı ildə Bakıda anadan olan Sənan Eynullayev 1992-ci ildən Türkiyədə fəaliyyət göstərir. Bir müddət Türkiyənin önəmli təhsil qurumlarında sənət dərsi deyən Sənan Eynullayev 10 ildir ki, müstəqil şəkildə çalışır. Yağlı boya rəsmləri müasir türk rəssamlığının böyük ustaları Mehmet Güleryüz, Komet, Aladdin Aksoy, Neşe Erdok, Ergin İnan və b. eyni sırada dəyərləndirilir. İstanbulun müxtəlif səmtlərində, Ankara, Konya, Çanakkale, İzmir, Balıkesir, Şimali Kipr Türk Cümhuriyyətində Sənan Eynullayevin zəhmətinin bəhrəsi olan heykəllər ucalır. Adananın Ceyhan qəsəbəsindəki Heydər Əliyev adına terminalda qoyulmuş mozaika kompleksinin müəllifi də Sənan Eynullayevdir. 2009-cu ilin iyununda İstanbulda açılan Polis Təhsil və Konqres Mərkəzində Sənan Eynullayevin 12 bal mumu heykəli qoyulub, heykəllərin paltarları isə Türkiyənin məşhur modelyeri Faruk Saraç tərəfindən tikilib. Məşhur qırğız yazarı Çingiz Aytmatovun İstanbulda rusca çıxmış 8 cildliyinə illüstrasiyaları Sənan Eynullayev çəkib. Yaponiya, İspaniya və Hollandiyadakı üç qalereya Sənan Eynullayevin əsərlərini sifarişlə alıb hər il rəssamın sərgisini açırlar. Təhsil sahəsindəki fəaliyyətini də davam etdirən Sənan Eynullayev 20 il əvvəl yaratdığı sənət emalatxanasında təcrübəsini daim müdavimləri ilə bölüşür.