Bank Of Baku

Azərbaycanlı sənətçilər Vyanada konsert verib

Azərbaycanlı sənətçilər Vyanada konsert verib
# 03 iyun 2013 08:34 (UTC +04:00)

Bakı. Turan Şakir-APA. Avropanın mədəniyyət mərkəzi olan Vyana şəhərində tanınmış Azərbaycan və Avstriya musiqiçilərinin iştirakı ilə təntənəli qala-konsert keçirilib. Bu barədə APA-ya dirijor Əyyub Quliyev məlumat verib. Azərbaycanın Müstəqillik Gününə həsr olunan tədbir ölkəmizin Avstriyadakı səfirliyinin təşkilatçılığı ilə Avropanın möhtəşəm konsert salonlarında biri olan “Vyana Konzerthauz” zalında baş tutub. Gecədə Azərbaycan Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin idarəsi ilə Vyana “Muzikum Konsilium” (Consilium Musicum Wien) orkestrinin ifasında Azərbaycan bəstəkarlarının əsərləri səslənib. İlk dəfə olaraq Vyana orkestri tərəfindən dahi bəstəkarlar Üzeyir Hacıbəylinin, Qara Qarayevin və Fikrət Əmirovun müxtəlif həcmli əsərləri dinləyicilərə təqdim olunub. “Vyana Muzikum” orkestrinin müşayiəti ilə xalq artisti, beynəlxalq müsabiqələr laureatı, professor Ramiz Quliyev Azərbaycan və qərb bəstəkarlarının əsərlərindən ibarət mürəkkəb və rəngarəng proqramla çıxış edib.

 

Əyyub Quliyevin sözlərinə görə, Üzeyir Hacıbəylinin əsərləri əsasında tərtib olunmuş fantaziya avropalı dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb: “Dahi Avstriya bəstəkarları Motsart və Şubertin əsərlərinin tarda ifası isə konsertin kulminasiyasına çevrildi. Onu da qeyd edim ki, sonda dinləyicilərin istəyini nəzərə alaraq professor Ramiz Quliyev klassik Azərbaycan muğamı “Çahargah”ı yalnız bir simdə ifa etdi. İfa zamanı simlərin qırılmasına baxmayaraq, ifaçı bu vəziyyətdən məharətlə çıxdı. Proqramın sonunda avropalı dinləyicilər görkəmli tarzəni ayaq üstə alqışladılar”.

 

Konsertin digər solisti Bülbül adına müsabiqənin qalibi, İtaliyada yaşayan həmvətənimiz Yusif Eyvazovun çıxışı da avropalı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. İtaliya operalarından ariyalarla bərabər, Üzeyir Hacıbəylinin klassik romansları və F. Əmirovun “Sevil ” operasından Balaşın ariyasını böyük məharətlə ifa edən müğənni hər bir əsərdən sonra tamaşaçıların xahişi ilə yenidən səhnəyə dəvət olunub. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR