Bakı. Turan Şakir – APA. Azərbaycanın gənc muğam ifaçısı, respublika muğam müsabiqəsinin laureatı Babək Niftəliyev İtaliyanın Roma şəhərində konsert verib. Bu barədə APA-ya xanəndə özü məlumat verib. Onun sözlərinə görə, Azərbaycanın musiqi mədəniyyətinin təbliği məqsədilə təşkil edilən konsertdə ifaçı muğam ifaçısı Nərminə Vəliyeva ilə səhnəyə çıxıb: “Konsertdə Azərbaycanın muğamları ilə yanaşı xalq mahnılarını da səsləndirdik. Orada İtaliyada yaşayan azərbaycanlılarla yanaşı italyan tamaşaçılar da var idi”.
B. Niftəliyev qeyd edib ki, ifaçıları səhnədə Şəhriyar Nağıyev və Elvin İbalı müşayiət edib.