Bakı. Cavid Zeynallı - APA. Mədəniyyət və Turizm Nazirliyi, Gürcüstan Mədəniyyət və Abidələri Mühafizə Nazirliyi, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi və Gürcüstan Rəssamlarının Yaradıcılıq Birliyinin birgə təşəbbüsü ilə noyabrın 18-də Azərbaycan Milli İncəsənət Muzeyində "Gürcüstandan sevgi ilə" adlı sərgi keçirilib. APA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Gürcüstanın mədəniyyət və abidələri mühafizə naziri Mixael Qiorqadze və başqaları iştirak edib.
Nazirlər tədbirdə çıxışında bildiriblər ki, sərginin keçirilməsi Gürcüstan və Azərbaycan arasında mədəni əlaqələrin inkişafı baxımından vacib addımdır. Mixael Qiorqadze vurğulayıb ki, növbəti aylarda Gürcüstanda Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi təşkil olunacaq: "Hesab edirəm ki, bu tədbirlər tez-tez keçirilməlidir. Bakıdakı bu sərgi milli incəsənət prosesinin bir hissəsinə həsr olunub və Gürcüstanın bütün müasir incəsənətini əks etdirmir. Əsərləri sərgilənən rəssamların üslubunda bədii hədəflər fərqinə baxmayaraq, milli təcrübə, zəngin ənənələrlə sıx əlaqəsini qoruyub saxlaya bilib".
Qeyd edək ki, 62 rəngkar və qrafik rəssamın 130-a yaxın əsərinin nümayiş olunduğu sərgi iki həftə davam edəcək.