Bakı. Xanım Nağıyeva-APA. Bu gün Azərbaycanda və Cənubi Qafqazda ilk “Kukla” art qalereyasının açılış mərasimi keçirilib. APA-nın verdiyi məlumata görə, qalereyada Azərbaycan ilə yanaşı, Rusiya, Ukrayna, Latviya, İtaliya və Fransa sənətkarlarının işləri nümayiş olunub.
Qalereyanın rəhbəri Lalə Kazımovanın sözlərinə görə, “Kukla” art qalereyasının əsas vəzifələrinə Azərbaycan və xarici sənətsevərləri kukla sənəti sahəsində çağdaş bədii proseslərlə tanış etmək, bu sahədə beynəlxalq və fərdi sərgilərin təşkili, ən yaxşı Avropa və yerli sənət ustalarının ekspozisiya mübadiləsi, profilli müəllif layihələrinin işlənilməsi, müsabiqə və ustad dərslərinin keçirilməsi daxildir.
Qalereyanın direktoru Liana Vəzirova Azərbaycanın kukla sənətinin çox zəngin olduğunu və ona görə də Azərbaycan sənətsevələrin belə bir qalereyaya layiq olduğunu vurğulayıb.
Mərasimdə iştirak edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digər qonaqlar nümayiş olunan 50-dən çox sənət əsəri ilə tanış olublar.