Bakı. Cavid Zeynallı – APA. Martın 31-də Nizami Kino Mərkəzində Rusiya Kinematoqrafçılar İttifaqının sədri və Rusiya Mədəniyyət Fondunun prezidenti, kinorejissor Nikita Mixalkovun kino xadimləri ilə görüşü və ustad dərsi keçirilib.
APA-nın məlumatına görə, görüşdə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova, xalq artistləri Eldar Quliyev, Oqtay Mirqasımov, gənc rejissor və aktyorlar iştirak edib.
Ş. Məmmədova bildirib ki, N. Mixalkovun Bakıya səfəri yaradıcılıq məsələsi ilə bağlıdır: “Bu görüş bizim kino mühiti və gənclər üçün əlamətdardır. Nikita Mixalkov kino çəkilişi ilə bağlı Bakıya səfərə gəlib. Biz qısamüddətli səfər zamanı kino xadimləri ilə də görüş keçirmək istədik”.
N. Mixalkov Bakıda olmaqdan məmnunluğunu bildirib və qeyd edib ki, görüşdə kino yaradıcılığı, rejissor və aktyor işi ilə bağlı bölüşdüyü fikirlər gənclər üçün səmərəli olacaq. O deyib ki, qısamüddətli səfər zamanı azərbaycanlı həmkarları ilə görüşəcək, ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri ətrafında müzakirələr aparacaq.
Qeyd edək ki, “Oskar” mükafatı laureatı Nikita Mixalkov “Beş gecə”, “Piano üçün yarımçıq qalmış pyes” “Oblomovun həyatından bir neçə gün”, “Şahidlərsiz”, “Qara gözlər”, “Urqa”, “Günəşdən usanmışlar”, “Sibir bərbəri”, “12”, “Günvurma” və bir çox başqa filmlərin müəllifi, Kann, Venesiya kimi kino festivallarının qalibidir.