Bakı - APA. Aprelin 14-dən 19-dək Bakıda məşhur bəstəkar Qara Qarayevə (1918-1982) həsr olunmuş 5-ci Beynəlxalq Müasir Musiqi Festivalı keçiriləcək. Bu barədə APA-ya Almaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Festivalda Köln şəhərindən olan «Avatar Dance Company» tərəfindən Yens Kaqelin bir xoreoqrafiyası nümayiş olunacaq. Bu xoreoqrafiya akordeonçu Eva Zöllnerin ifası və Ukrayna dirijoru Vladimir Runçakın rəhbərliyi altında çıxış edəcək Bakı Con Tempo ansamblının müşayiəti ilə təqdim olunacaq.
Bir çox beynəlxalq və yerli sənətkarlarla yanaşı məşhur alman pianoçu Nikolaus Rexrot, həmçinin Strasburqdan olan Accroche Note və Amsterdamdan Asko Şönberq çıxış edəcəklər. Bundan əlavə, aprelin 12-də Almaniya səfirliyi və Alman-Azərbaycan Mədəniyyət Birliyi tərəfindən “Kapellhaus”da akordeonçu Eva Zölnerin xüsusi konserti təşkil olunacaq.