Bakı – APA. Macarıstanın paytaxtı Budapeşt şəhərində gənc azərbaycanlı rəssam Çingiz Mehbalıyevin ən son rəsmlərindən ibarət “Həyatınızı rəngləyərək” adlı sərgisi açılıb.
APA-nın xəbərinə görə, Ybl Sarayında keçirilən sərginin açılış mərasimində Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Macarıstan Milli Assambleyasının (Parlamentinin), eyni zamanda Macarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü cənab Tamaş Hegedüş açılış nitqi ilə çıxış ediblər.
V.Quliyev bu cür mədəni tədbirlərin keçirilməsinin müasir Azərbaycan mədəniyyətinin tanıdılmasındakı xüsusi rolunu qeyd edib. Macarıstan Milli Assambleyasının üzvü Cənab T.Hegedüş Azərbaycan mədəniyyəti və istedadlı rəssam haqqında fikirlərini bildirərək Azərbaycan və Macarıstan arasında getdikcə genişlənən ictimai və mədəni əlaqələrdən məmnunluq keçirdiyini qeyd edib.
Sərgidə həmçinin Azərbaycandakı Macarıstan Ticarət Evinin rəhbəri Ceyhun Abdullayev, Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva, Macarıstan-Azərbaycan Gənclər Təşkilatının təsisçiləri və üzvləri, Macarıstanın ictimai xadimləri, aparacı siyasi partiyalarının gənclər təşkilatlarının liderləri, eləcə də yerli və əcnəbi iş adamları və digər şəxslər iştirak ediblər.
Ç.Mehbaliyev yaradıcılığı barədə macar mətbuatının suallarını cavablandırıb.
İyulun 9-dan 13-nə kimi ziyarətçilərə açıq olacaq sərgidə rəssamın 30-a qədər rəngkarlıq və qrafika işləri nümayiş etdiriləcək.
Xatırladaq ki, bu Çingiz Mehbaliyevin beynəlxalq miqyasda ilk uğuru deyil. O, 2007-ci ildə UNESCO tərəfindən keçirilən və Mövlanə Cəlaləddin Ruminin anadan olmasının 800 illiyinə həsr olunan beynəlxalq sərgidə iştirak edən ən gənc rəssam olub. Bir il sonra 2008-ci ildə “Molla Nəsrəddin - Azərbaycan” beynəlxalq karikatura müsabiqəsində iştirak edir və Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinə üzv qəbul olunub. Rəssam 2010-cu ildə isə Türkiyənin Bartın şəhərində keçirilən sərgiyə dəvət alıb və bu sərgidə uğurla iştirakından az sonra SESAN (Serbest Sanatçılar) beynəlxalq rəssamlar ittifaqına üzv qəbul olunub. 2011-ci ildə Çingiz Mehbaliyevin çəkdiyi “İmadəddin Nəsimiyə həsr olunmuş rənglər” rəsmi MDB ölkələri arasında keçirilən müsabiqədə münsiflər heyətinin diqqətinə layiq görülərək yekun kataloqa daxil edilib.