Bakı. Xanım Nağıyeva - APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi 26 mart-4 aprel tarixlərində Kolombo Beynəlxalq Monotamaşalar Teatr Festivalında iştirak edib.
Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ASSITEJ-in Şri-Lanka Mərkəzinin təşkilatçılığı ilə Kolombo şəhərində keçirilən festivalda teatr ölkəmizi P.Züskindin “Kontrabas” tamaşası ilə təmsil edib. Tamaşa Avstriya, Hindistan, Səudiyyə Ərəbistanı, Misir ölkələrindən festivala qatılmış teatr mütəxəssisləri və yerli tamaşaçılar tərəfindən maraqla qarşılanıb və bir-sıra mükafatlara layiq görülüb.
Yaradıcı heyətə rəhbərlik edən teatrın direktoru, ASSİTEJ-in Azərbaycan Milli Mərkəzinin prezidenti, əməkdar artist Mübariz Həmidov festival çərçivəsində Şri-Lankanın Battikaloa şəhərində yerləşən Şərq Universitetdə keçirilmiş beynəlxalq konfransda “Azərbaycan Milli Dünyəvi Peşəkar Teatrı - 140” və “Azərbaycan teatrının dünya teatrları ilə beynəlxalq əlaqələri və dünya teatr məkanına inteqrasiya” mövzularında çıxış edib.
Qeyd edək ki, “Kontrabas” tamaşası İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən Beynəlxalq Teatr festivallarında yüksək mükafatlara layiq görülüb.