Bakı. Cavid Zeynalov - APA. Aprelin 6-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Həştərxan vilayəti və Kalmık Respublikasına qastrol səfərinə yola düşəcək.
Teatrdan APA-ya verilən məlumata görə, 25 nəfərlik nümayəndə heyəti səfər çərçivəsində P.Turrininin “Axır ki...”, Y.Şvartsın “Qırmızı papaq” və R.Ağayevin “Bir gecənin nağılı” tamaşaları ilə çıxış edəcək.
Aprelin 8-9-da Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında start götürəcək qastrol səfəri, aprelin 11-dən 13-dək Kalmık Respublikasının Elista şəhərində yerləşən B.Basanqov adına Milli Dram Teatrında davam edəcək.
3 teatrın direktorları arasında imzalanmış yaradıcılıq müqaviləsinə əsasən həyata keçiriləcək qastrol səfəri aprelin 15-də yekunlaşacaq.
Teatrdan bildiriblər ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı səfərdən sonra bu ilin may ayında Kalmık Milli Dram Teatrını qəbul edəcək.
Qastrol səfərləri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşacaq.