Bakı. Cavid Zeynalov - APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Rusiya Federasiyasından qastrol səfərindən qayıdıb.
Teatrdan APA-ya verilən məlumata görə, aprelin 6-dan 14-dək davam edən qastrol Rusiya Federasiyasının Həştərxan Dövlət Gənc Tamaşaçılar və Kalmık Respublikasının B.Basanqov adına Milli Dram Teatrlarında keçirilib: “Qastrol çərçivəsində teatr 3 tamaşa ilə çıxış edib. Aprelin 8-9-da kollektiv Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında Yevgeni Şvartsın eyniadlı əsəri əsasında hazırlanmış “Qırmızıpapaq” tamaşasını nümayiş etdirib. Aprelin 11-dən 13-dək kollektiv Kalmık Respublikasının Elista şəhərində yerləşən B.Basanqov adına Milli Dram Teatrında Y.Şvartsın “Qırmızıpapaq”, Avstriya dramaturqu Peter Türrininin “Axır ki...” və R.Ağayevin “Bir gecənin nağılı” tamaşalarını nümayiş etdirib”.
Qastrol səfərinin bağlanış mərasimində çıxış edən Kalmık Respublikası baş nazirinin müavini Larisa Borisovna Vasilyeva Kalmık Respublikasının rəhbəri Aleksey Maratoviç Orlovun sərəncamını səsləndirib. Sərəncama əsasən, Xəzəryanı xalqlar arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsinə görə teatrın direktoru, əməkdar artist Mübariz Həmidov və baş rejissor, əməkdar incəsənət xadimi Bəhram Osmanov “Kalmık Respublikasının əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüblər.
Kalmık Respublikası mədəniyyət nazirinin müavini Nikolay Sandjiyev beynəlxalq mədəni əlaqələrin möhkəmləndirilməsi sahəsində əldə olunan uğurlara görə teatrın aktyorları - əməkdar artistlər Almaz Mustafayeva, Qurban İsmayılov, aktyor İlham Əsədov və baş redaktor Səriyyə İsmayılovaya Fəxri fərmanlar təqdim edilib.
Səfər çərçivəsində Kalmık Respublikası Teatr Xadimləri İttifaqının nümayəndəsi Klara Yesinovna Kalmık və Azərbaycan teatrları arasında mədəni və qarşılıqlı yaradıcılıq əlaqələrinin genişləndirilməsi sahəsindəki töhfələrinə görə teatrın rejissoru Gülnar Hacıyevaya, aktyorlar Günel Məmmədova, Zülfiyyə Alhüseynova və Vüsal Mehrəliyevə fəxri fərmanlar təqdim edib.
Qeyd edək ki, mayın ortalarında Kalmık teatrı 3 günlük qastrol səfəri ilə Gənc Tamaşaçılar Teatrında çıxış edəcək.