Gürcüstan. Nizami Məmmədzadə-APA. Dünən Gürcüstan paytaxtında fəaliyyət göstərən aktyor kollektivinin gücü ilə İlyas Əfəndiyevin 100 illik yubileyinə həsr olunan "Sən həmişə mənimləsən" tamaşasının premyerası olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, əsər Tiflisdəki "Aktyorlar Evində" oynanılıb. Teatrın əməkdaşı Hidayət Hüseynli tamaşa və Heydər Əliyev adına Tiflis Dövlət Azərbaycan Dram Teatrı haqqında tamaşaçılara ətraflı məlumat verib. Tamaşaya quruluşu rejissor Turqay Vəlizadə verib. "Sən həmişə mənimləsən" tamaşasında rolları teatrın gənc və peşəkar aktyorları Aslan Məmmədov, Leyla Qasımova, Şeyla Cəfərova, Marianna Məmmədova və Turqay Vəlizadə oynayıblar. Tiflis səhnəsində ilk dəfədir ki, nümayiş olunan əsər tamaşaçıların dəfələrlə alqışına səbəb olub.
Heydər Əliyev adına Tiflis Dövlət Azərbaycan Dram Teatrının bədii rəhbəri Zurab Sixarulidze APA-ya açıqlamasında tamaşaların sayını artıracaqlarını və teatrın səhnəsində Azərbaycan və digər dramaturqların əsərlərini oynayacaqlarını bildirib: "Bizim teatr Gürcüstan-Azərbaycan arasında mədəniyyətlərimizi inkişaf etdirən və möhkəmlədən vasitələrdən biri də teatrdır. Bizim planlarımız çoxdur. Bu gün mənim yeni bədii rəhbər kimi təyin olunduqdan sonra ilk tamaşadır ki, Azərbaycanın yazıçı-dramaturq İlyas Əfəndiyevin əsərinin premyerasını təşkil etmişik".
Qeyd edək ki, Zurab Sixarulidze Heydər Əliyev adına Tiflis Dövlət Azərbaycan Dram Teatrının yeni təyin olunan bədii rəhbəridir. O, 16 il Türkiyədə teatrda çalışıb, müxtəlif universitetlərdə dərs deyib. Türk, rus, gürcü dillərini bilir.