Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan parlamentinin Tiflisdəki kitabxanasında Apolon Kutateladze adına Gürcüstan Dövlət İncəsənət Akademiyasının IV kurs tələbəsi, gənc rəssam Əli Əliyevin rəsm əsərlərindən ibarət sərgisinin açılışı olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, sərgini Gürcüstan Rəssamlar Birliyinin rəhbəri Quram Tsersvadze açaraq gənc tələbə-rəssamın rəsm əsərlərinin dolğun məzmunlu, günün tələblərinə cavab verən və düşündürücü rəsm əsərləri olduğunu bildirib. Tədbirdə Kvemo Kartli bölgəsinə yeni təyin olunan qubernator Paata Xizanaşvili, Tiflisdəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Əli Babayev və başqaları çıxış edərək gənc tələbə-rəssamın sərgisinin keçirilməsinin gürcü və Azərbaycan xalqı arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildiriblər.
Sərgidə tələbə-rəssamın 35 rəsm əsəri nümayiş olunub. Bu, tələbə-rəssamın Tiflisdə keçirilən beşinci sərgisidir. Sərgi dekabrın 25-ə qədər davam edəcək.
Qeyd edək ki, Əli Xanlar oğlu Əliyev Gürcüstanın Qardabani rayonunun Ağtəhlə kəndində anadan olub. Hazırda Apolon Kutateladze adına Gürcüstan Dövlət İncəsənət Akademiyasının IV kurs tələbəsidir. Tələbə əsasən abstrakt mövzuda rəsm əsərləri çəkməyi sevir.
Tədbirdə Gürcüstanın baş nazirinin köməkçisi Savalan Mirzəyev, Barışıq və Bərabərlik məsələləri üzrə dövlət nazirliyinin bölgə müşaviri Zaur Darğallı, Gürcüstanın incəsənət adamları, müxtəlif universitet tələbələri, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak ediblər.
Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanaşvili APA-ya açıqlamasında tələbə-rəssamın əsərlərini yüksək qiymətləndirdiyini və bu əsərlərin yüksək keyfiyyətə malik olduğunu bildirib: "Düşünürəm ki, belə tədbirlərin sayını artırmalıyıq. Bu tədbirlər gürcü və Azərbaycan xalqının daha da yaxınlaşmasına kömək edir və bizim birliyimizi möhkəmləndirir. Biz, hər iki xalq möhkəm olub birləşsək, daha böyük tədbirlərə imza atacağıq," qubernator vurğulayıb.