Bakı – APA. Heydər Əliyev Fondu və “Baku” jurnalının birgə təşkilatçılığı ilə təşkil olunan və indiyədək altı ölkədə nümayiş etdirilmiş “Fly to Baku. Müasir Azərbaycan İncəsənəti” sərgisi Bakıda, Heydər Əliyev Mərkəzində təqdim ediləcək. Sərginin rəsmi açılış mərasimi dekabrın 27-də keçiriləcək.
Heydər Əliyev Mərkəzindən APA-ya verilən məlumata görə, sərgidə rəngkarlıq, heykəltəraşlıq, instalyasiya, video-art, performans və foto janrlarında işləyən 21 Azərbaycan rəssamının 100-dən artıq əsəri nümayiş etdiriləcək. Əsərlərin əksəriyyəti məxsusi olaraq bu layihə üçün işlənilib.
Heydər Əliyev Fondunun Azərbaycanın dünyada daha yaxından tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasında xüsusi əhəmiyyəti olan bu sərgi ilk dəfə 2012-ci ilin yanvarında Böyük Britaniyanın paytaxtı Londonda açılıb. İki il ərzində Paris, Berlin, Moskva, Roma və Vyanada təşkil edilən “Fly to Baku” yerli sakinlərin böyük marağına səbəb olub.
Layihənin ideya müəllifi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərginin kataloqu üçün yazdığı ön sözdə qeyd edib ki, sərginin təşkilində əsas hədəf insanların həyata baxışı, bədii-estetik münasibəti, təsəvvür və təxəyyülünün müxtəlifliyindən irəli gələrək fərqli cəhətlərə malik müasir incəsənətin Azərbaycandakı inkişafını dünya ictimaiyyətinə təqdim etmək, eyni zamanda, müasir incəsənət vasitəsi ilə Azərbaycanın bütün sahələrdə necə nəhəng yüksəlişə nail olduğundan söhbət açmaqdır: “Bu gün qürurla deyə bilərik ki, biz bu missiyanın öhdəsindən uğurla gəldik. London, Paris, Berlin, Moskva, Roma, Vyana və nəhayət, Bakıda təşkil etdiyimiz sərgidə insanların daxili aləminə nüfuz etmək bacarığı ilə müxtəlif janrlarda maraqlı əsərlər yaradan sənətkarların emosional təsiri ilə fərqlənən, rənglərinin təzadı və oynaqlığı, yaradılma texnikası ilə insanları valeh edən kompozisiyalarını, Azərbaycanın müasir incəsənət dünyasının bir hissəsini nümayiş etdirdik. İnanıram ki, Azərbaycanın müasir incəsənətinin professional səviyyəsinin nə qədər yüksək olduğunu bütün dünyaya göstərən bu sərgi ənənələrlə zəngin Azərbaycan incəsənətinə yeni töhfələr verdi”.
“Fly to Baku. Müasir Azərbaycan İncəsənəti” sərgisinin kuratoru Erve Mikaeloff isə bildirib ki, bu layihə izləyicilərə Azərbaycanın yeni yaranan və böyük perspektiv vəd edən müasir incəsənətinin zənginliyini tam dəyərləndirmək imkanı verir.
Qeyd edək ki, “Fly to Baku” layihəsinin Heydər Əliyev Mərkəzində təşkil olunan yekun sərgisi 2014-cü il martın 1-dək davam edəcək.