APA-nın xəbərinə görə, tədbirdən öncə sərginin kuratoru Cianni Merkurio (Gianni Mercurio) keçirdiyi mətbuat konfransında sərgidə nümayiş olunan əsərlər barədə məlumat verib.
O bildirib ki, sərgi Heydər Əliyev Fondu və Endi Vorhol Muzeyinin (Andy Warhol Museum) dəstəyi ilə təşkil olunub. Cianni Merkurio belə bir sərginin Bakıda təşkil olunmasına görə Heydər Əliyev Mərkəzin direktoru Anar Ələkbərova, sərgidə iştirak edəcək italiyalı, avstraliyalı komandaların hamısına təşəkkür edib: “Bu sərginin Azərbaycanda təşkili mənim üçün professional təşkilatçılığından başqa, gözəl Bakı ilə, istiqanlı insanlarla tanış olmaq üçün şərəfli imkandır. Bakıya gələrkən dünyanın bir çox ölkələrinə gedərkən keçirdiyim gözəl hissləri yaşadım. Heydər Əliyev Mərkəzi Zaha Hadidin yaratdığı ən gözəl əsərlərdən biri, o cümlədən dünyanın müasir tikililərinə nümunə olacaq bir mərkəzdir”.
Sərginin kuratorunun sözlərinə görə, modern incəsənətin məşhur nümayəndələrindən olan Endi Vorholun Azərbaycanda ilk dəfə keçirilən sərgisində rəssamın 100-dən çox əsəri və qısa filmləri təqdim edilir. “Həyat, ölüm və gözəllik” sərgisində rəssamın portretlər, avtoportretlər silsiləsindən rəsmləri, eləcə də “Güllər” (Flower), “Kamuflyaj” (Camuflaje), “Sonuncu şam yeməyi” (The last supper), “Dua edən kişi əlləri” (Male hand praying), “Elektrik stulu” (Electric chair) və digər dünya şöhrətli əsərləri nümayiş olunur. Sərgi yalnız Endi Vorhol haqqında deyil, eyni zamanda avanqard film, pop-art barədə geniş məlumat əldə etməyə imkan verir.
Daha sonra sərgiyə media baxışı keçirilib.
Qeyd edək ki, sərginin rəsmi açılış mərasimi bu gün saat 17.00-da Heydər Əliyev Mərkəzində keçiriləcək. Sərgi sentyabrın 9-dək davam edəcək.