Bakı – APA. Dekabrın 16 da Avropa Azərbaycan Cəmiyyətinin (AAC) Fransadakı nümayəndəliyi Parisin 1-ci İnzibati Dairəsində yerləşən məşhur “Duc des Lombards” klubunda 2009-cu il Montre Beynəlxalq Caz festivalının solo piano mükafatı laureatı, 24 yaşlı azərbaycanlı pianoçu İsfar Sarabskinin konsertini təşkil edib.
AAC-dan APA-ya verilən məlumata görə, Fransa Milli Assambleyasının üzvü Jan-Fransua Mansel və Gürcüstanın Fransadakı səfirliyinin müşaviri Qoça Cavakişvili də 70-ə yaxın dəvətli arasında olub.
Tədbirin əvvəlində AAC-ın Fransadakı nümayəndəliyinin rəhbəri Eliza Piter çıxış edib: “Bu, Azərbaycan cazı üzrə ixtisaslaşmış, Azərbaycanın ən istedadlı gənc pianoçularından olan İsfar Sarabskinin unikal konsertidir. İsfar Montreux Beynəlxalq Caz Festivalı da daxil olmaqla, bir neçə mükafata layiq görülüb. O, Azərbaycanın milli musiqisi olan muğamla sintez olunmuş klassik caz ifa edir”.
Konsert proqramında İsfarın Çaykovskinin “Qu gölü” baletinə etdiyi variasiyası və Argentina bəstəkarı Astor Piazzollanın “Oblivion” (“Unutqanlıq”) adlı əsrarəngiz əsəri yer alıb. Bununla belə, proqram əsasən İsfarın öz kompozisiyalarından ibarət olub. Onun yazdığı "Nyu-Yorka tranzit", şərq ritmlərini özündə birləşdirən "Novruz", Makar Novikovun (bass) muğam üslubunda müşayiət etdiyi "Deja-Vü" və İsfarla Aleksandr Maşinin (təbil) birgə ifasında onun öz əsəri olan "G-Man" proqramda yer alan kompozisiyalar arasında olub. Ayaq üstündə alqışlanan İsfar və onun musiqiçiləri “Sığorta agenti” əsərini bir daha ifa etməli olublar.
Qeyd edək ki, ötən 30 il ərzində klubda ən yaxşı fransiz ifaçıları ilə yanaşı, bir çox dəvət olunan ulduzlar da konsert proqramı ilə çıxış edib.
Caz Azərbaycanda uzun illərdir populyarlığını qoruyur, onun təbiətindəki improvizasiyanın Azərbaycan muğamı ilə bəzi oxşarlıqlarının olması burada az rol oynamayıb. İsfar hər axşam konsertlərin keçirildiyi Bakı Caz Mərkəzində və Billi Cobham, Jo Zavinul, Herbi Henkok kimi beynəlxalq və azərbaycanlı musiqiçilərin iştirak etdiyi Bakı Beynəlxalq Caz Festivalında mütəmadi olaraq ifa edir.