Bakı - APA. “Molla Nəsrəddin” satirik jurnalının 108 illiyi münasibəti ilə tanınmış karikatura ustası Adil Quliyevin (Adil Elçin) yubiley sərgisi keçirilib.
Azərbaycan Karikaturaçı Rəssamlar Birliyindən APA-ya verilən məlumata görə, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi, “Kirpi” satirik jurnalının dəstəyi ilə keçirilən sərgidə rəssamın müxtəlif illərdə “Kirpi” jurnalında dərc olunan əsərləri nümaYiş olunuB. Tədbirdə rəssamın sənət yoldaşları, həmkarları çıxış edib, müəllifin yaradıcılığını və fəaliyyətini yüksək qiymətləndiriblər.
A. Quliyev 1952-ci ildən 90-cı illərə qədər “Kirpi” jurnalı ilə əməkdaşlıq edib, 1980-ci ildən jurnalın bədii redaktoru vəzifəsində çalışıb. “Kirpi” jurnalında və dövrü mətbuat səhifəsində siyasi və məişət mövzulu karikaturalarla çıxış edib. Azərbaycan karikatura sənətinin tanınması və təbliği sahəsində əvəzsiz xidmətləri olan A. Quliyev bu gün də yeni-yeni əsərlər yaradır.