Lənkəran. Ağəddin Babayev - APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı xalq yazıçısı Elçinin “Cəhənnəm sakinləri” pyesinin motivləri əsasında hazırlanmış eyniadlı tamaşa ilə iyulun 20-də cari mövsümü başa vuracaq.
Teatrın direktoru Tofiq Heydərovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, Azərbaycan tarixinin qara səhifəsinə yazılmış 1937-ci il Stalin rejiminin dəhşətli və qorxulu repressiya dövrünün acı həqiqətlərindən bəhs edən tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.
Əsas rolları respublikanın xalq artisti Qabil Quliyev, əməkdar artist Adil Zeynalov, artistlərdən Əbülfəz Axundov, Qızılgül Quliyeva, Aynur Əhmədova və Tərlan Abdullayev ifa edirlər.