Bank Of Baku

Lənkəran teatrında iki yeni tamaşanın son məşqləri gedir

Lənkəran teatrında iki yeni tamaşanın son məşqləri gedir
# 16 may 2013 16:54 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında hazırda iki tamaşanın son məşqləri gedir. Bu barədə APA-nın cənub bürosuna məlumat verən teatrın direktoru İslam Həsənov deyib ki, italyan dramaturqu Aldo Nikolainin “Dəmir sinif”  əsərinə teatrın baş rejissoru Tural Mustafayev quruluş verir. Əsas rollarda teatrın aparıcı aktyorları, xalq artistləri Böyükxanım Əliyeva və Qabil Quliyev, əməkdar artist Təvəkkül Əliyev çıxış edirlər.  

 

Əsərdə insanların ahıl yaşlarında yaşamağa məhkum olduqları tənhalıqdan söhbət açılır. Tənhalığın insan həyatına gətirdiyi depressiya, dəhşətli anlar, arzuolunmaz həqiqətlər tamaşada ön plana çəkilir. Müxtəlif səbəblərdən qoca yaşlarında doğmaları tərəfindən diqqətdən kənarda qalan, atılan, tərk edilən və qocalar evində məskən salan üç ahıl qocanın həyat hekayəsi tamaşaçıların marağına səbəb olacaq. Əsərin səhnə tərtibatı rəssam Tərlan Sadıqovun yozumunda öz həllini tapacaq.

 

Teatrda rejissor, əməkdar artist Adil Zeynalovun quruluşunda Maarif Məmmədovun “Əcnəbi kürəkən” komediyasının tamaşası da tamamlanmaq üzrədir. Əsərdə hadisələr bizim günlərdə ucqar dağ kəndlərinin birində cərəyan edir. Amerika vətəndaşı Ulyam Keytin turist qismində kəndə gəlişi sanki buradakı sakitliyi pozur. Hamı bu əcnəbinin kəndə gəlişinin əsas məqsədini istədiyi kimi yozur. Amma əslində Keytin əsas məqsədi Azərbaycan əsilli atasını tapmaqdır. Baş rolu – Ulyam Keyt obrazını gənc aktyor Emin Fərzullayev ifa edir. Əsərdə digər rolları Sücəddin Mirzəyev, Əlibala Əsgərov, Zemfira Nəcəfova, Təranə Əzizova, Niftulla Əsgərov və başqaları ifa edirlər. Bu, M. Məmmədovun Lənkəran teatrında səhnəyə qoyulan sayca ikinci əsəridir.

 

Yaxın günlərdə hər iki tamaşa sənətsevərlərin ixtiyarına veriləcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR