Lənkəran. Ağəddin Babayev - APA. 27 mart - Beynəlxalq Teatr günü Lənkəranda qeyd olunub.
APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə Nəcəf bəy Vəzirov adına Dövlət Dram Teatrında tədbir keçirilib.
Tədbirdə teatrın direktoru Tofiq Heydərov çıxış edərək, Beynəlxalq Teatr gününün tarixindən, yaradıcı kollektivin keçdiyi inkişaf yolundan və gələcək perspektivlərindən söz açıb. Bir neçə həftə öncə yazıçı Maarif Məmmədovun “Açarını itirənlər” tamaşasının sənətsevərlərin ixtiyarına verildiyini diqqətə çatdıran direktor hazırda italyan dramaturqu Eduardo de Filipponun “Ruhlar” və Aqşin Babayevin “Xilaskar” əsərləri üzərində də yaradıcılıq işlərinin davam etdirildiyini bildirib.
Daha sonra kollektiv üzvlərindən bir qrupuna xatirə hədiyyələri verilib.
Tədbirin sonunda yazıçı Kamran Nəzirlinin “Şeytan işığı” tamaşası teatrsevərlərə təqdim olunub.