Lənkəran. Ağəddin Babayev – APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının yaradıcı kollektivi dramaturq Maarif Məmmədovun “Əcnəbi kürəkən” komediyası əsasında hazırlanmış tamaşa ilə özünün 132-ci mövsümünə yekun vurub.
APA-nın cənub bürosunun məlumatına görə, əməkdar artist Adil Zeynalovun quruluş verdiyi bu səhnə əsərində hadisələr bizim günlərdə ucqar dağ kəndlərinin birində cərəyan edir. Amerika vətəndaşı Uilyam Keytin turist qismində kəndə gəlişi sanki buradakı sakitliyi pozur. Hamı əcnəbinin kəndə gəlişinin əsas məqsədini istədiyi kimi yozur. Amma əslində Keytin əsas məqsədi Azərbaycan əsilli atasını tapmaqdır.
Maraqla baxılan tamaşada baş rolu – Uilyam Keyt obrazını gənc aktyor Emin Fərzullayev ifa edib. Digər rollarda əməkdar artist Sucəddin Mirzəyev, aparıcı aktyorlar Eynəli Nurullayev, Əlibala Əsgərov, Qızılgül Quliyeva, Miraslan Ağayev, Niftulla Əsgərov, Təranə Əzizova və başqaları çıxış ediblər.
Teatrın direktoru İslam Həsənovun sözlərinə görə, yaradıcı kollektiv yeni mövsümə sentyabrın 20-də italyan dramaturqu Aldo Nikolainin “Dəmir sinif” tamaşası ilə başlayacaq. Teatrın baş rejissoru Tural Mustafayevin quruluş verdiyi bu səhnə əsərində rollarda teatrın tanınmış aktyorları, xalq artistləri Böyükxanım Əliyeva, Qabil Quliyev və əməkdar artist Təvəkkül Əliyev çıxış edirlər. Əsərdə insanların ahıl yaşlarında yaşamağa məhkum olduqları tənhalıqdan söhbət açılır. Tənhalığın insan həyatına gətirdiyi depressiya, dəhşətli anlar, arzuolunmaz həqiqətlər burada ön plana çəkilir. Müxtəlif səbəblərdən qoca yaşlarında doğmaları tərəfindən diqqətdən kənarda qalan, atılan, tərk edilən və qocalar evində məskən salan üç ahıl qocanın həyat hekayəsi tamaşaçıların marağına səbəb olacaq. Tamaşaçılar bu üç qocanın həyatın onlara bəxş etdiyi tənhalıq, kimsəsizlik adlanan girdabından çıxmaq üçün necə mübarizə aparmaqlarının şahidi olacaqlar. Əsərin səhnə tərtibatı Tərlan Sadıqovun rəssam yozumunda öz həllini tapacaq.