Marneuli. Nizami Məmmədzadə - APA. Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Marneuli rayonunda yaşayan azərbaycanlı gənclər Qarabağ xalçası toxuyublar.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, Marneul Gənclər Mərkəzinin (MGM) gənc xalçaçılar dərnəyində yalnız Qarabağ deyil, eləcə də Qazax, Borçalı, Şirvan, Təbriz, Gəncə və digər bölgələrin çeşidlərini özündə əks etdirən xalçalar da hazırlanıb.
MGM-in layihə meneceri Emin Əhmədov APA-ya açıqlamasında gənclər mərkəzində indiyədək 15 xalça toxunduğunu bildirib: “Mərkəzin nəzdində 20 nəfərdən ibarət xalçaçılıq dərnəyi fəaliyyət göstərir. Gənclərimizin bu sahədə təcrübəsi getdikcə artır. Hazırda böyük həcmli 3 ədəd xalçanın toxunuşu bitmək üzrədir. Biz kiçik və orta ölçüdə xalçalar toxuyur və sərgilərdə nümayiş etdiririk. Biz yalnız Borçalıya deyil, bütün azərbaycanlılara məxsus tarixi xalçaları da milli ornamentlərlə zəngin şəkildə toxumaq fikrindəyik. Onlardan birini artıq toxumuşuq. Bu, Şuşa rayonunun Malıbəyli kənd xalçaçılıq məktəbinə məxsus xalçadır. Tariximizi özündə əks etdirən Qarabağ üslubunda toxunan xalça hələlik kiçik ölçüdə toxunulub. Gələcəkdə biz 3-4 ölçüdə xalçalar toxumağı planlaşdırırıq”.
Qeyd edək ki, Tiflisdəki Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyində də xalçaçılıq studiyası yaradılıb. Mədəniyyət Muzeyinin direktoru Leyla Əliyeva APA-ya açıqlamasında indiyədək 50 məktəblinin xalçaçılığın sirlərinə yiyələndiyini bildirib.