Bakı. Turan Şakir-APA. Mayın 26-da xalq artisti Mənsum İbrahimov Lüksemburqa qastrol səfərinə gedəcək. Bu barədə APA-ya məlumat verən xalq artisti bildirib ki, səfəri 2007-ci ildə hazırlanmış “Simfonik muğam” layihəsi əsasında təşkil olunub: “Bu layihə artıq neçə ildir var və biz bu layihə əsasında 10-dan çox ölkədə olmuşuq. Bu ölkələr arasında Belarus, Ukrayna, Latviya, Amerika və başqaları var”.
Xalq artisti layihənin məqsədinin Azərbaycanın muğamını xarici ölkələrdə tanıtmaqdan ibarət olduğunu deyib: “Bildiyimiz kimi, Avropa ölkələrində simfonik musiqini çox sevirlər. O səbəbdən Azərbaycanın simfonik muğamlarının təbliğində bu layihə mühüm rol oynayır. Layihə çərçivəsində Fikrət Əmirovun simfonik muğamları, “Sarı gəlin” xalq mahnısı, “Bayatı-Şiraz” muğamı təqdim olunacaq. Layihənin maraqlı məqamlarından biri də muğamları getdiyimiz ölkələrin orkestrləri ilə birgə ifa etməyimizdir. Konsertimiz ayın 29-da baş tutacaq, lakin Lüksemburq simfonik orkestri ilə birgə məşq etmək üçün ora üç gün öncədən gedəcəyik”.
Qeyd edək ki, xanəndəni xalq artisti dirijor Yalçın Adıgözəlovun rəhbərliyi ilə Dövlət Simfonik Orkestri, əməkdar artistlər Elnur Əhmədov, Elçin Həşimov müşayiət edəcək.