Bakı. Turan Şakir-APA. Azərbaycanın xalq artisti Mənsum İbrahimov Lüksemburqda konsert verib. Bu barədə APA-ya məlumat verən xalq artisti bildirib ki, Azərbaycanın Belçikadakı səfirliyinin dəstəyi ilə təşkil olunmuş konsertdə Azərbaycan simfonik muğamları Lüksemburqun Kamera Orkestri ilə birgə ifa olunub: “Konsertin məşqlərinə görə, üç gün öncədən yola düşdük. Lüksemburq Kamera Orkestri ilə birgə Fikrət Əmirovun simfonik muğamları, “Sarı gəlin” xalq mahnısı, “Şeyx Sənan” operasından "Kor ərəbin mahnısı", "Şikəsteyi Fars" təsniflərini hazırladıq. Konsertin proqramı 2007-ci ildə hazırlanmış “Simfonik-muğam” layihəsi əsasında təşkil olunmuşdu”.
Mənsum İbrahimovu səhnədə Lüksemburq Kamera Orkestri ilə yanaşı xalq artisti dirijor Yalçın Adıgözəlov, əməkdar artistlər Elnur Əhmədov, Elçin Həşimov müşayiət edib. Konsertdə diplomatik korpusun nümayəndələri, ziyalılar iştirak ediblər.
Mənsum İbrahimov layihə çərçivəsində daha bir təklif aldıqlarını açıqlayıb: “Orkestrin rəhbəri bizim konsert proqramının not dəftərini bizdən istədikləri üçün, dəftəri onlara hədiyyə etdik. Bundan başqa Lüksemburq Kamera Orkestri ilə eyni proqramda Avropa ölkələrinə qastrol səfərinə çıxmamız haqda təklifi də qəbul etdik. Payız aylarından etibarən səfərimizi gerçəkləşdirəcəyik”.