Moskva. Fərid Əkbərov – APA. Moskvada Rusiya ve Azərbaycanın tanınmış rəssamlarının əl işlərindən ibarət “Avtoqraflar 18x24” adlı sərginin açılışı olub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Azərbaycanın Rusiyadakı səfirinin humanitar məslələr üzrə müşaviri Nigar Axundova tərəfindən təşkil olunan sərgidə səfir Polad Bülbüloğlu, Rusiya Dövlət Humanitar Universitetinin rektoru Yefim Pivovar, Rusiyadakı diplomatik korpusların nümayəndələri və hər iki ölkənin ziyalıları iştirak ediblər.
“Avtoqraflar 18x24” adlı sərgidə iki ölkənin rəssamları tərəfindən xüsusi olaraq bu sərgi üçün hazırlanmış əsərlər nümayiş olunub. iPad-ın ölçüsü olan 18x24 böyüklüyündəki çərçivəyə yerləşdirilən sənət əsərlərinin başlıca özəlliyi ilk baxışda bu əsərlərin hansı rəssama aid olduğunu bildirməsi olub.
Rusiya Rəssamlıq Akademiyasının üzvü Abbas Kazımov sərgidə “Xoşbəxtlik quşu” adlı əsərini nümayiş etdirdiyini söyləyib: “İnsanlar öz sevinclərini başqalarıyla bölüşdüklərində onlar bundan iki qat daha çox xoşbəxt olurlar. Mən də bunu bildiyim üçün bu sərgidə iştirak etmək qərarına gəldim. Sərgidə nümayiş etdirdiyim əsərdə olan xoşbəxtlik quşu sərgiyə gələn hər kəsə xoşbəxtlik və sevinc bəxş etsin”.
Rusiya Rəssamlıq Akademiyası idarə heyətinin üzvü Tatyana Nazarenko belə bir maraqlı sərginin alınacağına inana bilmədiyini söyləyib: “Çünki bu qədər kiçik bir çərçivə içində əsər hazırlamaq asan deyil. Ancaq gördüyünüz kimi hər şey əla alındı. Hər bir rəssam özünəməxsus sənət işini bu əsərlərdə ortaya qoyub”.
Dünyaya baxış tərzlərini və öz yaradıcılıq keyfiyətlərini iPad ölçüsündəki bir çərçivədə böyük məharətlə əks etdirməyi bacaran rusiyalı və azərbaycanlı rəssamların əsərləri ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.