Bakı. Cavid Zeynalov - APA. Bakı Slavyan Universitetində (BSU) Novosibirsk vilayətinin Mədəniyyət Nazirliyi, Novosibirsk Dövlət Teatr İnstitutu və Novosibirsk şəhərindəki “Rus-Azərbaycan Evi”nin Bakıda keçirdikləri silsilə mədəniyyət tədbirləri çərçivəsində Üzeyir Hacıbəyovun “Arşın mal alan” tamaşası nümayiş olunub.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən BSU rektoru, professor Asif Hacıyev bildirib ki, səhnə əsərinin Novosibirsk Dövlət Teatr İnstitutunun tələbələrinin iştirakı ilə nümayiş olunması Azərbaycan mədəniyyəti və teatrına göstərilən diqqətin bariz nümunəsidir: "Sevinirəm ki, bu böyük səhnə əsəri Bakı Slavyan Universitetinin tələbələrinə təqdim olunur. İnanıram ki, Novosibirsk Dövlət Teatr İnstitutu tələbələrinin hazırladıqları bu tamaşa bizim tələbələrin zövqünü oxşayacaq və bu cür mədəni tədbirlər gələcəkdə də davam etdiriləcək".
Novosibirsk şəhərindəki “Rus-Azərbaycan Evi”nin rəhbəri Mais Məmmədov BSU tələbələri ilə görüşdən məmnun qaldığını bildirib, Rusiya Azərbaycan musiqisinə və teatrına olan maraqdan danışıb.
Qeyd edək ki, tamaşanın bədii rəhbəri Novosibirsk Dövlət Teatr İnstitutunun aktyorluq və rejissorluq kafedrasının dosenti Anatoli Axreyevdir.