Bakı. Xanım Nağıyeva-APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli qazax bəstəkarı, Qazaxıstanın Dövlət Mükafatı laureatı, professor Erkeqali Raxmadiyevin “Alpamıs” operasının premyerası keçirilib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, premyerada Qazaxıstan Bəstəkarlar İttifaqının sədri Balnur Kadırbek, tanınmış qazax bəstəkarları, TÜRKSOY qurumunun baş direktoru Dyüsen Kaseinov, diplomatik korpusun nümayəndələri iştirak ediblər.
Əsər əfsanəvi qəhrəman Alpamısın həyatından bəhs edir. Operanın quruluşu türkdilli ölkə bəstəkarlarının ən yaxşı opera tamaşaları ilə bağlı TÜRKSOY-un xüsusi layihəsi çərçivəsində həyata keçirilib.
Tamaşaçılar Anton Ferştandt (Alpamıs), İlahə Əfəndiyeva (Gülbarşın), əməkdar artistlər İnarə Babayeva (Qaragöz), Fəridə Məmmədova (Mıstan), Səbinə Vahabzadə (Ana Torpaq), Tələt Hüseynov (Xan Taymık), Fərid Əliyev (Karaman), Tural Ağasıyev (Keykuat) və başqalarının çıxışları alqışlarla qarşılayıb.
Konsert ifasında səhnəyə qoyulan tamaşada teatrın solistləri – əməkdar artistlər İnarə Babayeva, Fəridə Məmmədova, Səbinə Vahabzadə, həmçinin Anton Ferştandt, Fərid Əliyev, Tural Ağasıyev, Tələt Hüseynov və başqaları çıxış ediblər. Tamaşanın musiqi rəhbəri gənc dirijor Əyyub Quliyevdir.
Qazaxıstan Bəstəkarlar İttifaqının sədri Balnur Kadırbek tamaşadan sonra bu günün hər iki xalqın tarixində əlamətdar gün kimi yadda qalacağını söyləyib: “Azərbaycan səhnəsində qazax operasının ilk quruluşu heç şübhəsiz ki, önəmli hadisə olub, iki qardaş xalqın mədəni cəhətdən daha da yaxınlaşmasına təkan verəcək. Opera teatrın solistləri, xor və orkestri tərəfindən yüksək professional səviyyədə ifa olundu”.