Bakı. Cavid Zeynallı – APA. Yanvarın 31-də Opera və Balet Teatrında bəstəkar Polad Bülbüloğlunun 70 illik yubileyi münasibətilə “Eşq və ölüm” baletinin premyerası olacaq. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşanın quruluşçu baletmeysteri Nadejda Malıqina, quruluşçu rəssamı Dmitri Korbadje, dirijoru Cavanşir Cəfərovdur.
“Eşq və ölüm” baleti “Dədə Qorqud” dastanının motivləri əsasında qələmə alınıb. İlk dəfə 2005-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Vyana Balet Akademiyasının professoru, baletmeyster Vakil Usmanov tərəfindən səhnəyə qoyulub.
Teatrdan əlavə ediblər ki, yanvar ayında repertuarda olan bir neçə tamaşanın nümayişi də keçiriləcək. Yanvarın 7-dən başlayaraq teatrda Astor Pyatsollanın “Məhəbbət tanqosu”, Vasif Adıgözəlovun “Natəvan”, Firəngiz Əlizadənin “İntizar”, Üzeyir Hacıbəylinin “Əsli və Kərəm”, Cüzeppe Verdinin “Trubadur” operaları oynanılacaq.