Bank Of Baku

Qara Qarayevin anadan olmasının 97-ci ildönümü münasibətilə anım mərasimi keçirilib

Qara Qarayevin anadan olmasının 97-ci ildönümü münasibətilə anım mərasimi keçirilib
# 05 fevral 2015 15:32 (UTC +04:00)

Bakı - APA. Fəxri Xiyabanda SSRİ xalq artisti, SSRİ dövlət mükafatları laureatı Qara Qarayevin anadan olmasının 97-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.

 

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, mərasimdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib. İştirakçılar bəstəkarın məzarı önünə çiçək dəstələri qoyub, xatirəsini hörmətlə yad ediblər.

 

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Qara Qarayevin Azərbaycanın musiqi tarixində yerindən, milli incəsənətimizə və dünya musiqi xəzinəsinə verdiyi töhfələrdən danışıb: "Qara Qarayev məktəbi Azərbaycanda görkəmli bəstəkarların yetişməsinə zəmin oldu. Onun sənət işığı altında musiqiyə sevgisi olan böyük bir nəsil yetişdi. Azərbaycan musiqisi, mədəniyyəti yaşadıqca, Qara Qarayev də yaşayacaq".

 

Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli bəstəkarla bağlı xoş xatirələrini bölüşüb: "Qara Qarayevin əsərləri dünyanın müxtəlif konsert salonlarında, opera teatrlarında səslənməlidir. Biz onun sənətini daha dərindən, daha geniş miqyasda təbliğ etməliyik. O, böyük müəllimdir".

 

Fərhad Bədəlbəyli qeyd edib ki, hər il Qəbələdə keçirilən beynəlxalq musiqi festivalında Qara Qarayevin əsərlərindən ibarət konsert təşkil olunur.

 

Mərasim iştirakçıları ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edərək, xatirələrini ehtiramla yad ediblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR