Bank Of Baku

Qəbələdə xalq teatrı uzun illərdən sonra ilk tamaşasını təqdim edib

Qəbələdə xalq teatrı uzun illərdən sonra ilk tamaşasını təqdim edib
# 24 iyul 2013 11:00 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov-APA. Qəbələ Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən C. Məmmədquluzadə adına Xalq Teatrı uzun illər fasilədən sonra yenidən fəaliyyətə başlayıb. APA-nın məlumatına görə, xalq teatrının yeni kollektivi ilk dəfə olaraq böyük həcmli tamaşa hazırlayaraq təqdim edib. Mədəniyyət Mərkəzinin səhnəsində M.F.Axundovun “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah” tamaşasının təqdimatı böyük marağa səbəb olmuş və alqışlarla qarşılanıb. Səhnə əsərinə 500-dən çox rayon sakini baxıb və tamaşaçılar xalq teatrının yeni fəaliyyətini yüksək qiymətləndiriblər. Bir saat on dəqiqə davam edən tamaşadan sonra mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev teatrın yaradıcı heyəti ilə görüş keçirib, onları təbrik edərək yeni uğurlar arzu ediblər.

 

Nazir müavini Ədalət Vəliyev teatrın kollektivinə yeni səhnə geyimlərinin veriləcəyini və bir neçə nəfərə Bakıdakı teatrlarda təcrübə keçməsi üçün imkan yaradılacağını bildirib. Görüşdə məlumat verilib ki, Qəbələ Xalq Teatrı 1964-cü ildə yaradılıb və müxtəlif vaxtlarda xırda səhnəciklər nümayiş etdirib. İlk dəfə iri həcmli səhnə əsərini təqdim edən xalq teatrının kollektivi Qəbələdə dövlət dram teatrının formalaşmasına çalışırlar. Hazırda xalq teatrının aktyor heyəti 2-si ali, 4-ü orta ixtisaslı incəsənət işçisi və 9-u həvəskar olmaqla 15 nəfərdən ibarətdir. Hazırda teatr daha iki  tamaşanın təqdimatına hazırlaşır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR