Bakı. Cavid Zeynallı - APA. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında rejissor Elman Şeydayevin 60 illiyi qeyd olunub. APA-nın məlumatına görə, tədbirdə kinostudiyanın direktoru Müşfiq Hətəmov çıxış edərək bildirib ki, yüksək mədəniyyəti, sadəliyi, işgüzarlığı ilə seçilən rejissor Azərbaycan kinosunun inkişafına öz töhfəsini verən sənətkarlardandır: “Elman müəllimi 60 illik yubileyi münasibətilə təbrik edir, ona can sağlığı, xoşbəxtlik, kinomuzun gələcək inkişafı naminə gördüyü bütün işlərdə uğurlar diləyirik. İnanırıq ki, o, bundan sonra da kinomuzun inkişafı naminə əzmlə çalışacaq”.
Qeyd edək ki, Elman Şeydayev 1981-ci ildə rejissor assistenti kimi əmək fəaliyyətinə başladığı C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında “Cansıxıcı əhvalat”, “Qəzəlxan”, “Yük”, “Bəxt üzüyü”, “Laçın dəhlizi”,“Kuklalar”, “İlahi məxluq”, “Çölçü” kimi bədii filmlərdə ikinci rejissor olub.