Bakı. Cavid Zeynallı – APA. "Qalereya 1969" sərgi salonunda Mədəniyyət və Turizm Nazirliyi, “Arts Council Azerbaijan” Qeyri-Hökumət Təşkilatı və “Qalereya 1969” sərgi salonunun təşkilatçılığı ilə Azərbaycanın tanınmış rəssamı və rejissoru Nazim Məmmədovun 80 illik yubileyinə həsr edilmiş "Mənim yolum" adlı xatirə sərgisi açılıb. APA-nın məlumatına görə, sərgi noyabrın 2-dək davam edəcək. Sərgidə rəssamın seçilmiş əsərləri nümayiş olunacaq.
Qeyd edək ki, Nazim Məmmədov 1934-cü ildə Bakıda anadan olub. Azərbaycanın ilk cizgi filmi olan "Ayı və siçan" cizgi filmini 1970-ci ildə çəkib. "Azərbaycanfilm" kinostudiyasında 40 sənədli filmin istehsalında iştirak edən Nazim Məmmədov 1988-ci ildə "Göyçək Fatma" adlı 5 hissədən ibarət respublikada ilk multfilm-operanı yaradıb. O, 2004-cü il oktyabrın 29-da vəfat edib.