Bakı. Anaxanım Hidayətova – APA. Bu gün Səməd Vurğun adına Azərbaycan Rus Dram Teatrında A. N. Ostrovskinin “Na vsyakoqo mudretsa dovolno prostotı” əsəri əsasında Rusiyanın “Malıy” Dövlət Akademik Teatrı tərəfindən tamaşa təqdim olunacaq. APA-nın məlumatına görə, tamaşada əsas rolları ifa edən Rusiyanın xalq artistləri İrina Muravyova və Boris Klyuyev KİV nümayəndələri ilə görüş keçiriblər.
B. Klyuyev bildirib ki, Rus Dram Teatrında göstərilən tamaşanın birinci günü anşlaqla bitib: “Malıy teatr axırıncı dəfə Bakıda 40 il əvvəl olub. Dünən tamaşanın ilk günü idi və çox gözəl keçdi. Düzdür, biz bir az həyəcanlı idik, çünki yeni şəraitdə çıxış edirdik”.
İ. Muravyova isə öz növbəsində bakılı tamaşaçıların aktyorları isti qəbul etməsini bəyənib: “Mən KİV nümayəndələrindən, mətbuat konfranslarından qaçıram, çünki onlar barəmdə şayiələr yazırlar. Sizin üçün isə istisna etdim”.