Şəki. Vüqar Heydərov-APA. Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının binası əsaslı təmir və yenidənqurmadan sonra yenidən Şəki ictimaiyyətinin istifadəsinə verilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu münasibətlə təşkil edilmiş açılış mərasimində Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Azərbaycan respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, bir sıra dövlət və şəhər rəsmiləri, müxtəlif idarə və təşkilat rəhbərləri iştirak edib.
Tədbirdə bildirilib ki, 2011-ci il noyabr ayının 17-də prezident İlham Əliyev Şəkiyə səfəri çərçivəsində Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına baş çəkmiş və bu mədəniyyət ocağının qısa müddət ərzində əsaslı təmir edilməsi haqqında göstəriş verib. 1975-ci ildə istismara verilən və indiyədək təmir olunmayan teatr binası əsaslı təmir olunaraq bu gün teatrsevərlərin, Şəki ictimaiyyətinin istifadəsinə verilib. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və rayon rəhbərliyi əvvəlcə teatrın binası və texniki təchizatı ilə yaxından tanış olublar. Daha sonra teatrın əsaslı təmirdən sonra istifadəyə verilməsi münasibəti ilə tədbir keçirilib. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Şəki Şəhər İcra hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək teatr binasının əsaslı təmirdən sonra yenidən istifadəyə verilməsi və 141-ci teatr mövsümünün açılışı münasibətilə teatr ictimaiyyətini, sənətsevərləri təbrik ediblər. Natiqlər çıxışında bildiriblər ki, Şəki Dövlət Dram Teatrının binasının da ən müasir standartlar səviyyəsində yenidən qurulub. Bildirilib ki, bölgələrdə teatrların, ümumilikdə mədəniyyət ocaqlarının inkişafına dövlət tərəfindən böyük önəm verilir. Qeyd edilib ki, teatrın yaradıcı heyəti əsaslı şəkildə təmir olunmuş sənət ocağında yeni yaradıcılıq uğurları ilə hər kəsi sevindirəcək.
Daha sonra fransız yazıçısı Yan Batist Molyerin eyniadlı əsəri əsasında səhnələşdirilən “Aldadılmış ər” tamaşası nümayiş etdirilib.