Bakı. Turan Şakir - APA. Şəkidə “İpək Yolu” IV Beynəlxalq musiqi festivalı başlayıb.
APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatı ilə iyulun 4-dək davam edəcək festivalda bir sıra xarici ölkənin, eləcə də Azərbaycanın milli musiqi, rəqs, folklor və teatr kollektivləri çıxış edəcək.
Festivalın proqramına uyğun olaraq, iyunun 28-də axşam Şəki şəhərindəki yay teatrında MDB ölkələri rəqs qruplarının iştirakı ilə geniş konsert proqramı təqdim olunub.
Konsertin sonunda çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu “İpək Yolu” IV Beynəlxalq musiqi festivalının Azərbaycanın, eləcə də Şəkinin mədəni həyatında çox əlamətdar hadisə olduğunu bildiriblər.
Konsertdə Qazaxıstanın “Altınay” Dövlət Rəqs Ansamblı, Belarusun “Xoroşki” Dövlət Akademik Rəqs Ansamblı, Tacikistanın “Zebo” Dövlət Akademik Rəqs Ansamblı, Ukraynanın “Banduraçılar” dueti, Qırğızıstanın “Ak maral” Milli Akademik Rəqs Ansamblı, Moldovanın “Flueras” Milli Mahnı və Rəqs Ansamblı, Özbəkistanın “Ofarin” Rəqs Teatrı və Rusiyanın “Beryozka” Dövlət Akademik Rəqs Ansamblı çıxış edib.