Bakı. Gülnar Bəşirova - APA. Mətbuat Şurası (MŞ) noyabrda Şəkidə Azərbaycanın tanınmış kinorejissoru, kinooperatoru, ssenaristi, xalq artisti Rasim Ocaqovun xatirəsinə həsr edilən sənədli filmlər festivalı keçirəcək.
MŞ-dan APA-ya verilən məlumata görə, Şura tərəfindən festivalla yanaşı müsabiqə də keçiriləcək. Müsabiqəni keçirməkdə məqsəd həyatın müxtəlif sahələrinə aid düşündürücü, tamaşaçıları ictimai əhəmiyyət daşıyan problemlərin həllinə istiqamətləndirən ekran əsərlərinin çəkilişinə töhfə vermək, mövcud istiqamətdə araşdırmaçı yaradıcılıq dəst-xəttini stimullaşdırmaqdır.
Təqdim olunan filmlər üçün mövzunun aktuallığı, bədii-publisistik duyum, faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın dolğunluğu, ifadə vasitələrinin zənginliyi, informasiyalılıq kimi xüsusiyyətlər nəzərə alınacaq. Qiymətləndirmə Mətbuat Şurasının yaratdığı və tərkibi tanınmış kino mütəxəssislərinin və jurnalistlərin daxil olduğu Münsiflər Heyəti tərəfindən aparılacaq.
Təqdim olunmuş sənədli filmlər bir neçə nominasiya üzrə mükafatlandırılacaq. Mükafatlar noyabrın 25-də Şəkidə keçiriləcək və Rasim Ocaqovun xatirəsinə həsr olunacaq sənədli filmlər festivalında təqdim ediləcək.
Müsabiqəyə 40 dəqiqəyə qədər davamiyyət müddəti olan filmlər buraxılacaq. Qəbul oktyabrın 15-dən noyabrın 15-dək, hər gün saat 10.00-dan 17.00-dək MŞ-nin ofisində aparılacaq.