APA-nın məlumatına görə, hazırda Kliniki Tibbi Mərkəzdə olan aktyorun vəziyyəti stabil olaraq qiymətləndirilir. Klinikanın nevrologiya şöbəsinin müdiri Lalə Tağızadə APA-ya açıqlamasında xalq artistinin mayın 25-də xəstəxananın reanimasiya şöbəsinə yerləşdirildiyini deyib: «Mayın 25-də xəstəxanamıza daxil olan xalq artistinin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirdik. İki gün müalicədən sonra mayın 27-də müalicə otağına keçirməyi məsləhət bildik. Hazırda müalicəsi davam edir və vəziyyəti stabildir. Danışığında qüsurlar var. Vəziyyətinin yaxşılaşması üçün tamamilə sakitliyə ehtiyacı olduğundan palataya kənar heç kim buraxılmır».
Xalq artistinin oğlu Çingiz Aslanov hazırda aktyorun vəziyyətinin yaxşı olduğunu deyib: «Hazırda yanındayam, vəziyyəti yaxşıdır. Normal qidalanır. Özünü yaxşı hiss etdiyini deyir».
Qeyd edək ki, Azərbaycanın xalq artisti Siyavuş Aslan 2011-ci il avqustun 3-də ağır vəziyyətdə 4 saylı Şəhər Xəstəxanasına gətirilib, sonradan isə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib. Müayinələr nəticəsində xalq artistinin işemik insult keçirdiyi məlum olub.