Bakı - APA. Sumqayıtda Azərbaycan prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən “Rənglərin dili ilə” gənc rəssamlara dəstək layihəsi çərçivəsində gənc rəssamların sərgisi keçirilib. APA-nın xəbərinə görə, sərgidə Şəhər İcra hakimiyyətinin nümayəndələri, Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Namiq Qafarov, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Musa Həsənov, şəhərin tanınmış, eləcə də gənc rəssamları, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Layihənin icraçısı Vüsal Məmmədov bildirib ki, layihə iki istiqaməti əhatə edir. Birinci istiqamət gənc rəssamların sərgisinin təşkili, ikinci istiqamət isə həmin rəssamların əsərlərinin və bioqrafiyalarının toplandığı nəfis dərginin çapını nəzərdə tutur. Tədbirdə çıxış edən qonaqlar qeyd ediblər ki, Gənclər Fondu tərəfindən bu cür layihələrin dəstəklənməsini ölkədə mədəniyyətə, eyni zamanda gənclərə olan diqqətin nəticəsidir.
Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Qeyd edək ki, layihənin məqsədi gənc rəssamların istedadlarının üzə çıxarılması, onların yaradıcılıqlarının ictimailəşdirilərək stimullaşdırılması və rəssamlıq sənətinin inkişafına fayda verməkdir.