Bakı. Cavid Zeynallı - APA. Bu gün “Azər-İlmə” MMC-də xalq rəssamı Tahir Salahovun eskizləri əsasında hazırlanan “Qırmızı təkər” xalçasının təqdimat mərasimi keçirilib.
APA-nın məlumatına görə, tədbirdə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və başqaları iştirak edib.
Tahir Salahov bildirib ki, bir neçə ildir onun əsərləri eskizlər əsasında xalça üzərinə həkk olunur: “Bu, əlbəttə, mənim üçün sevindiricidir. Əsərlərim əsasında toxunan xalçalar mənə yeni stimul verir. Aleksandr Soljenitsının portreti əsasında toxunan xalça istedadlı rəssam Aynurə Əsədullayeva tərəfindən “Azər-İlmə”də hazırlanıb. Bu əsər o dövrün rəmzlərinə uyğun olaraq qırmızı ulduzlar, oraq və çəkiclə əhatə olunub”.
Ölçüsü 2,24x3,1 metr olan xalçada qəhvəyi və qırmızı, qara rənglərin müxtəlif çalarlarından istifadə edilib. Xalçada A.İ.Soljenitsının həbsxanada yazdığı qeyd dəftərləri, təltif olunduğu Nobel mükafatının emblemi də öz əksini tapıb.
Qeyd edək ki, “Qırmızı təkər” əsərini T.Salahov A.Soljenitsının anadan olmasının 95 illiyi münasibətilə yaradıb.